Alan Türinq
Alan
Türinq
Alan Metison Türinq
1912-ci ildə Londonda hind mülki xidmət məmuru Culius Türinq və Sara Türinqin
(qızlıq familiyası Stoney olub) ailəsində doğulub. Şotland soyadı olan Türinq
normand mənşəlidir. Yorkşirsk mənşəli ingilis-irland ailəsi olan Stoney
cəmiyyətə bir sıra görkəmli fizik və mühəndislər bəxş edib.
Alan Türinqdə elmə,
xüsusən də riyaziyyata maraq çox kiçik yaşlarında yaranmışdı.
1931-ci ildə 19 yaşlı Türinq Kembric universitetinin
Kral kollecinə daxil oldu. O, universitetdə kvant fizikası və riyaziyyatla
məşğul olurdu. Asudə vaxtlarında kimyəvi təcrübələr aparır və idmanla
maraqlanırdı. 4 ildən sonra "Ehtimal nəzəriyyəsinin mərkəzi hədd
teoremi" dissertasiyasını müdafiə etdi (o, bu işi əvvəlki analoji işdən xəbərsiz,
müstəqil olaraq "kəşf etmişdi") və Kral Elmi cəmiyyətinin üzvü
seçildi. O, məhz 1935-ci ildə riyazi məntiq sahəsində ilk dəfə məşğul olmağa və
tədqiqatlar aparmağa başladı və artıq 1 ildən sonra mühüm nəticələr əldə
olundu: D. Qilbertin problemlərindən birinin həll edilməsi və mücərrəd maşının
(Türinq maşını) ixtirası. Türinq maşını öz məntiqi quruluşuna görə yalnız 10
ildən sonra yaradılmış rəqəmli kompüterin nümunəsi idi.
1900-cü ildə Parisdə keçirilən Beynəlxalq riyaziyyat
konqresində görkəmli riyaziyyatçı Devid Qilbert həll edilməmiş problemlərin
siyahısını təqdim etdi. Bu siyahıda yer alan ikinci məsələ adi hesabın
aksiomlar sisteminin ardıcıllığını sübut etmək tapşırığı idi. Qilbert sonralar
bu formulu "Entscheidungs problem" (həlli mümkün olan problem) kimi
dəqiqləşdirdi.
Alan Türinq bu problem haqqında ilk dəfə Kembric
universitetində işləyən Maks Nyumenin (1924-cü ildən orada riyaziyyat müəllimi
işləyirdi) mühazirələrində eşitmişdi. 1936-cı ildə Qilbertin probleminin həll
edilməz olduğu məlum oldu. O, işin nəticəsini 1936-37-ci illərdə yazdığı məşhur
məqaləsində təsvir etmişdi.
Türinq hesablama maşınının universal təbiətli olduğunu
anlayan ilk şəxs idi. O göstərdi ki, sadə Türinq maşınının təsvirini istənilən
maşına daxil etməklə onun kimi (Türinq maşını) işləyən universal maşın yaratmaq
olar.
O, 1936-cı ilin sentyabrında Kembrici tərk etdi və
Amerikada yerləşən Prinston universitetində kurator işləməyə başladı. Türinq
1938-ci ildə orada fəlsəfə doktoru dərəcəsini aldı. O dövrdə Prinston universitetində
Çerç, Eynşteyn, Hardi, Con fon Neyman kimi görkəmli şəxslər işləyirdi.
Neyman və Türinq arasında hesablama və
"düşünən" maşın barəsində ilk müzakirələr baş tutdu. Con fon Neyman
universal maşın ideyasına böyük maraq göstərirdi və Türinqə Prinston
universitetində onun asistenti vəzifəsində işləməyi təklif etdi. O, bu təklifi
qəbul etmədi və həmin ilin yazında Kembricə qayıtdı.
Alan Türinqin 1939-1945-ci illəri əhatə edən həyat və
fəaliyyəti uzun illər məxfi saxlanılıb. Onun anası 1959-cu ildə oğlu haqqında
çap etdirdiyi xatirələrində yazıb ki, müharibə başlandıqdan dərhal sonra
Türinqi dövlət qulluqçusu kimi Xarici İşlər Nazirliyinin Rabitə idarəsində işə
qəbul etdilər. Onun işlədiyi yer əvvəlcə məxfi saxlanılırdı, sonralar London
yaxınlığında yerləşən Bletçli-parkda çalışdığı məlum oldu.
Bletçli-park
Bletçli-parkda
kriptoqrafiya üzrə çox məxfi fəaliyyət həyata keçirilirdi. Orada həyata
keçirilən iş məxfi "Ultra" layihəsi çərçivəsində aparılırdı.
Layihənin məqsədi gizli alman şifrələrinin deşifrələnməsi metodlarının
axtarılması idi. Vermaxtın ali baş komandanlığının, polis aparatının ən gizli
əmrlərini şifrələmək üçün Almaniyada "Eniqma" elektrik şifrələmə
maşınından istifadə olunurdu. Hələ ikinci dünya müharibəsinin əvvəlində polyak
alimləri "Eniqma" maşınının oxşarını düzəltməyə nail olmuş və onu
İngiltərəyə göndərmişdilər. Lakin açar və kommutasiya sxemi (almanlar bunları
gündə üç dəfə dəyişirdilər) olmadan, hətta qəbuledici kimi əlavə 1 ədəd də
"Eniqma" maşını olsa idi belə, informasiyanı deşifrə etmək çətin idi.
Eniqma
maşını
Bletçli-parkda gizli
şifrənin tapılması üçün görkəmli riyaziyyatçılar, şahmatçılar, krossvord
həvəskarları, elmin müxtəlif sahələri üzrə yaxşı bilənlər, hətta iki
musiqiçidən ibarət maraqlı mühit toplanmışdı. Alan Türinq 12 riyaziyyatçı və 4
dilçidən ibarət qruplardan birinə rəhbərlik edirdi. Onun və digər qrupların
vəzifəsi alman məlumatlarının deşifrə edilməsi üçün müxtəlif xüsusi hesablama
maşınlarının yaradılması idi. Qeyd etmək lazımdır ki, mücərrəd "Türinq maşını"nın
parlaq ideyaları Bletçli-parkda yaradılmış real maşınlarda istifadə olundu. Onların arasında "Xit Robinson", "Piter
Robinson", "Super Robinson" və s. var idi. Yaradıcılar arasında
Türinqdən əlavə Uin Uilyams, Flauers və başqaları var idi. Bu maşınlar alman
kodunun simvollarından mənalı məlumat alana kimi müxtəlif kombinasiyaların
yoxlanılması prinsipi əsasında işləyirdi. 1942-ci ildə professor M.Nyumen
elektron hesablama maşınının yaradılması üçün Bletçli-parka gəldi və burada
mütəxəssislər qrupuna (T.Flauers, A.Kumbs, S.Broud-beyt, U.Çandler, İ.Qud,
D.Miçi) rəhbərlik etdi. 1943-cü ilin dekabrında 2000 elektron lampadan ibarət
"Koloss" adlı dünyada ilk elektron hesablama maşını yaradıldı.
Koloss
elektron hesablama maşını
Bu maşında Alan Türinq
təklif etdiyi kimi bir növ lent istifadə olunmuşdu. İnformasiyanı oxumaq sürəti
saniyədə 5000 simvol idi (5 foto oxuyan qurğu istifadə edilmişdi). Maşın
uyğunluq axtarışında şifrələnmiş məlumatları artıq məlum olan
"Eniqma" kodları ilə müqayisə edirdi. Müharibənin sonuna qədər
təxminən 10 "Koloss" maşını hazırlandı.
Türinq
"Koloss" maşınının yaradılmasında bilavasitə deyil, konsultant kimi
çıxış etmişdi, lakin İ.Qud etiraf etmişdi ki, Türinqin 1936-cı ildəki işi
Nyumenə çox kömək etmişdi.
İ.Qud bir çox illər
keçdikdən sonra bildirmişdi ki, mən demirəm ki, biz müharibəni Türinqin
sayəsində udduq, lakin cəsarətlə deyə bilərəm ki, o olmadan biz uduza da
bilərdik. Müharibə zamanı Alan Türinq Xarici İşlər Nazirliyindəki
(Bletçli-park) işinə görə Britaniya imperiyasının IV dərəcəli Kavaler Ordeni
ilə mükafatlandırılmışdı.
Müharibə dövründə Türinq
ilə Con fon Neyman arasında baş tutmuş görüş indiyə qədər qaranlıq
(aydınlaşdırılmamış) qalıb. Sonralar əfsanə adlandırılan bu görüşün mahiyyəti
ondan ibarət idi ki, bu iki görkəmli riyaziyyatçının görüşü müasir kompüter
texnikasının inkişafında həlledici rol oynadı. Türinqin 1943-cü ildə ən azı bir
dəfə ABŞ-a getdiyi məlumdur, lakin bəziləri iddia edir ki, o, 1942-ci ildə də
orda olub. O, Con Fon Neymandan əlavə, həmçinin Klod Şennon ilə də görüşmüşdü,
lakin onlar, ehtimal ki hesablama maşını barəsində müzakirə aparmamışdılar. Bu
görkəmli şəxslərin qarşılıqlı münasibətlərini, yəqin ki, hamıdan yaxşı
S.Frenkel təsvir edib: "Bir çox insanlar Con fon Neymanı hesablama maşının
"atası" elan etdilər, lakin mən əminəm ki, o, özü belə səhvi heç vaxt
etməzdi. O, inadla mənə və başqalarına bildirirdi ki, fundamental konsepsiya
Türinqə məxsusdur, belə ki bu konsepsiyanı nə Bebbic, nə Lavleys, nə də
digərləri görə bilmişdi.
1945-ci ildə Kembric
universitetində mühazirə oxumaqdan imtina edən Alan Türinq M. Nyumenin
tövsiyəsinə əsasən Milli fizika laboratoriyasında (MFL) işləməyə başladı. Burada "Automatic Computing Engine" (ACE)
hesablama maşınının layihələşdirilməsi və yaradılması qrupu təşkil olundu. Bu
qrup mövcud olduğu 3 il (1945-1948) ərzində Alan Türinq "ACE"-nin ilk
layihələrini yaratdı və onun qurulmasına aid bir sıra təkliflər irəli sürdü.
Onun "ACE" haqqındakı hesabatı daha gec vaxta tarixləşdirilmişdi və
Con fon Neymanın "EDVAC" haqqındakı məşhur layihə hesabatına
əsaslanmışdı. Türinqin işi çoxlu konkret detallardan ibarət idi və saxlama
proqramı ilə birlikdə kompüterin tam konsepsiyasına malik idi.
"ACE" haqqında hesabat Uomerslinin məktubu
ilə birgə 1946-cı il martın 19-da "MFL"-in icra komitəsinə
göndərildi. Məktubda qeyd edilmişdi ki, hesabatın "EDVAC" layihəsinə
əsaslanmasına baxmayaraq, lakin ideyaların bir çoxu Türinqə məxsusdur.
"ACE" layihəsinin ilkin variantına əsaslanan "Mosaic" adlı
maşın tezliklə Çandler və Kumbs tərəfindən hazırlanmışdı.
1948-ci ilin sentyabrında Türinq Mançester
universitetində işləməyə başladı. Kağız üzərində hesablama maşınları
laboratoriyasının direktor müavini vəzifəsini tutmasına baxmayaraq, əslində
M.Nyumenin riyaziyyat şöbəsində hesab olunurdu və proqramlaşdırmaya görə
məsuliyyət daşıyırdı.
40-cı illərin sonlarında Mançester universitetində
F.Uilyams və T.Kilburnun rəhbərliyi altında "Mark-1" hesablama maşını
hazırlanırdı. 1948-ci il iyulun 21-də maşında 52 dəqiqəlik proqram icra edildi
və hazırda "Mark-1" saxlama proqramı ilə fəaliyyət göstərən ilk
kompüter hesab olunur.
M.Nyumen Mançester maşınının təkmilləşdirilməsi
üzərində işləyərkən indeks registrini ilk olaraq ixtira etdi, Alan Türinq isə
ilk proqramlaşdırma dərsliyini yazdı.
Türinq 40-cı illərin sonlarında "Düşünən"
maşın problemi üzərində çalışıb. Bu problem hazırda "Süni intellekt"
adı altında tam bir istiqamət kimi formalaşıb. Bir çox alimlər (xüsusən C.Sirl)
Alan Türinqi süni intellektin banisi hesab edirlər. Onun "İntelligent Machinery"
adlı ilk məqaləsi 1948-ci ildə "MFL"-in hesabatı formasında çıxdı,
sonra isə 1950-ci ildə İngiltərənin "Mind" jurnalında onun
"Computing Machinery and İntelligence" adlı əsas məqaləsi dərc
edildi. Məqalə rus dilində "Может ли машина мыслить?" başlığı
altında çıxmışdı.
Türinq məqalədə "maşın" və
"düşünmək" kimi iki əsas anlayışı müzakirə edirdi. Əgər alimin
birinci punkt üzrə düşüncələri yalnız onun müasirləri üçün aktual idisə, lakin
Türinq tərəfindən hazırlanmış hesablama sistemlərinin şüurluluq meyarı hazırda
da istifadə olunur.
O, elektron intellekti üzə çıxartmaqdan ötrü
"imitasiya oyunu" təklif etdi. Oyunda əvvəlcə üç insan - kişi, qadın
və hakim iştirak edir. Hakim digər ikisindən otağın divarları vasitəsilə
ayrıdır və səsə görə tanımanı istisna etmək üçün hamı teleqraf rabitəsi
vasitəsi ilə əlaqə saxlayır. Sual verənin məqsədi digər iştirakçılardan kimin
qadın, kimin kişi olduğunu aydınlaşdırmaqdan ibarətdir. Qadın üçün oyunun
məqsədi hakimə kömək etmək, kişi üçün isə onu çaşdırmaqdan ibarətdir.
Bu məqalənin dərc
edilməsindən sonra bir çoxları Türinqə qarşı çıxdı. Xüsusilə kilsə
nümayəndələri daha kəskin reaksiya verdilər; axı düşünən maşının mövcudluğu
insan ağlının dərkedilməzliyi haqqında tezisi təkzib edirdi.
Türinqin ideyası elmi
dairələrdə də yaxşı qarşılanmadı. Məsələn, professor Ceferson iddia edirdi ki,
maşın yaratmaq qaydaları ilə deyil, şəxsi emosiyaları ilə sonet və ya musiqi
əsəri yazmayanadək o, maşının şüurluluğuna inanmayacaq. Türinq buna özü cavab
verərək bildirmişdi ki, heç də bütün insanlar sonet yaza bilmir, əgər
"musiqi əsəri ürəklə yazılmış əsərdən fərqlənməyəcəksə, o zaman nə fərqi
var?".
"Əgər insan
ünsiyyəti psixokinezə və gələcəyi görmək qabiliyyətinə əsaslanıbsa, düşünən
maşın yaratmaq mümkün olmayacaq - Türinq məqalədə yazırdı. Bu halda elm belə
hadisələri öyrənməli və onların modelini hazırlamalıdır".
Bir çox həmkarları
Türinqi qəribə xarakterli, qeyri-ənənəvi fikirli kimi xatırlayırlar. Onun
qəribəlikləri haqqında əfsanələr gəzirdi. O, Kembricdə yaşayarkən saatını heç vaxt
dəqiq vaxta qoymazdı, vaxtı müəyyən bir ulduzun mövqeyini təyin edib ağlında
hesablayarmış.
Bletçli-parkda olarkən
hər il iyunun əvvəlində onun güclü allergiyası olurmuş, belə olan halda isə o,
işə velosipeddə, tozdan qorunmaq üçün əleyhqazla gələrmiş. Onun velosipedində
problem var idi, belə ki müəyyən vaxtdan sonra sepi qırılırmış. Onu düzəltmək
əvəzinə Türinq pedalın hər dövrəsini hesablayarmış ki, qırılma anı çatdıqda
düşüb sepi düzətsin.
Bir dəfə Türinq ingilis
funtunun kursunun düşdüyünü bildikdə, özündə olan gümüş qəpikləri əridib
külçəni park ərazisində basdırmış, lakin sonralar hara basdırdığını unutmuşdu.
O, yaxşı idmançı idi. Müharibədən sonra idmana ehtiyac hiss edən Türinq uzun
məsafəyə qaçmış və bu, onda alınmışdı. Sonra o, 3 və 10 millik məsafəyə qaçış
üzrə öz klubunda qalib gəlib, hər ikisində də rekord vaxta. 1947-ci ildə isə
marafon qaçışında beşinci yeri tutub.
Ona hörmət edirdilər,
çünki o, intellekt və orijinal fikirləri ilə seçilirdi. Onu anadangəlmə müəllim
kimi xarakterizə edirdilər, belə ki istənilən məsələni həll və izah etməyə
qadir idi.
Lakin 1952-ci ildə baş vermiş hadisə alimin parlaq
karyerasına son qoydu. Belə ki həmin il Türinqin mənzilində oğurluq etmişdilər
və araşdırma zamanı məlum oldu ki, bu hadisəni onun sevgilisinin dostu edib.
Alan Türinq heç vaxt öz qeyri-ənənəvi cinsi oriyentasiyasını gizlətmirdi, lakin
bildirmirdi də, çünki o illərdə Britaniya cəmiyyəti homoseksual münasibətlərə
son dərəcə mənfi yanaşırdı.
1953-cü il martın 30-da məhkəmə prosesi oldu və Türinq
homoseksuallıqda ittiham olundu. Ona seçim üçün 2 qərar təklif edilmişdi: ya 2
il müddətində həbsdə yatmaq, ya da hormonal terapiya. Alim ikinci qərarı seçdi.
Məhkəmənin nəticələri faciəli oldu: Alan Türinq
kriptoqrafiya sahəsində işləmək hüququndan məhrum edildi və Mançester
universitetindən çıxarıldı.
Türinq sağlamlığını bərpa etmək üçün daha çox ev
üsullarından istifadə edirdi. O, "Kimsəsiz ada" adlı oyun
fikirləşmişdi. Oyunun qaydası ondan ibarət idi ki, bütün kimyəvi məhsullar, (o
cümlədən dərmanlar) məişət məhsullarından alınmalıdır. Bu halda isə o, sianlı
kalium hazırlamış və onu qəbul etmişdi. 1954-cü il iyunun 8-də onu səhər
yatağında ölmüş tapdılar. Türinqin bir neçə gündən sonra 42 yaşı olmalı idi.
Alan Metison Türinqin
hesablama dünyasındakı xidmətləri çox böyükdür. Buna sübut olaraq, Hesablama texnikası Assosiasiyası (ACM - Association for
Computing Machinery, 1947-ci ildə yaradılıb) onun adına mükafat təsis etdi.
Türinq mükafatının ilk laureatı 1966-cı ildə Alan Perlis ("ALQOL"-un
yaradıcılarından biri, "ACM"-in ilk prezidenti) olub. Sonralar bu
mükafata görkəmli alimlər Con Bekus ("Fortran"-ın yaradıcısı), Con
Makkarti ("LİSP"-in yaradıcısı, "süni intellekt" terminini
praktikaya gətirən), Kennet Ayverson ("ALL" yaradıcısı), Herbert
Saymon və Allen Nyuel (evristik proqramlaşdırmanın yaradıcıları) və digərləri
layiq görülüblər.
Bir çox proqramlaşdırma dilləri Evklid, Paskal, Bebbic
və digər dahi alimlərin adını daşıyır. 1982-ci ildə Toronto universitetinin
alimləri Paskaldan daha güclü proqramlaşdırma dili yaratdılar və onu
"Türinq" adlandırdılar.
Hiç yorum yok:
Yorum Gönder