16 Aralık 2014 Salı

ALAN TURİNG

Alan Türinq
http://www.comphistory.info/upload/timeline/1954/alan%20turing/alan.jpg
Alan Türinq
Alan Metison Türinq 1912-ci ildə Londonda hind mülki xidmət məmuru Culius Türinq və Sara Türinqin (qızlıq familiyası Stoney olub) ailəsində doğulub. Şotland soyadı olan Türinq normand mənşəlidir. Yorkşirsk mənşəli ingilis-irland ailəsi olan Stoney cəmiyyətə bir sıra görkəmli fizik və mühəndislər bəxş edib.
Alan Türinqdə elmə, xüsusən də riyaziyyata maraq çox kiçik yaşlarında yaranmışdı.
1931-ci ildə 19 yaşlı Türinq Kembric universitetinin Kral kollecinə daxil oldu. O, universitetdə kvant fizikası və riyaziyyatla məşğul olurdu. Asudə vaxtlarında kimyəvi təcrübələr aparır və idmanla maraqlanırdı. 4 ildən sonra "Ehtimal nəzəriyyəsinin mərkəzi hədd teoremi" dissertasiyasını müdafiə etdi (o, bu işi əvvəlki analoji işdən xəbərsiz, müstəqil olaraq "kəşf etmişdi") və Kral Elmi cəmiyyətinin üzvü seçildi. O, məhz 1935-ci ildə riyazi məntiq sahəsində ilk dəfə məşğul olmağa və tədqiqatlar aparmağa başladı və artıq 1 ildən sonra mühüm nəticələr əldə olundu: D. Qilbertin problemlərindən birinin həll edilməsi və mücərrəd maşının (Türinq maşını) ixtirası. Türinq maşını öz məntiqi quruluşuna görə yalnız 10 ildən sonra yaradılmış rəqəmli kompüterin nümunəsi idi.
1900-cü ildə Parisdə keçirilən Beynəlxalq riyaziyyat konqresində görkəmli riyaziyyatçı Devid Qilbert həll edilməmiş problemlərin siyahısını təqdim etdi. Bu siyahıda yer alan ikinci məsələ adi hesabın aksiomlar sisteminin ardıcıllığını sübut etmək tapşırığı idi. Qilbert sonralar bu formulu "Entscheidungs problem" (həlli mümkün olan problem) kimi dəqiqləşdirdi.
Alan Türinq bu problem haqqında ilk dəfə Kembric universitetində işləyən Maks Nyumenin (1924-cü ildən orada riyaziyyat müəllimi işləyirdi) mühazirələrində eşitmişdi. 1936-cı ildə Qilbertin probleminin həll edilməz olduğu məlum oldu. O, işin nəticəsini 1936-37-ci illərdə yazdığı məşhur məqaləsində təsvir etmişdi.
Türinq hesablama maşınının universal təbiətli olduğunu anlayan ilk şəxs idi. O göstərdi ki, sadə Türinq maşınının təsvirini istənilən maşına daxil etməklə onun kimi (Türinq maşını) işləyən universal maşın yaratmaq olar.
O, 1936-cı ilin sentyabrında Kembrici tərk etdi və Amerikada yerləşən Prinston universitetində kurator işləməyə başladı. Türinq 1938-ci ildə orada fəlsəfə doktoru dərəcəsini aldı. O dövrdə Prinston universitetində Çerç, Eynşteyn, Hardi, Con fon Neyman kimi görkəmli şəxslər işləyirdi.
Neyman və Türinq arasında hesablama və "düşünən" maşın barəsində ilk müzakirələr baş tutdu. Con fon Neyman universal maşın ideyasına böyük maraq göstərirdi və Türinqə Prinston universitetində onun asistenti vəzifəsində işləməyi təklif etdi. O, bu təklifi qəbul etmədi və həmin ilin yazında Kembricə qayıtdı.
Alan Türinqin 1939-1945-ci illəri əhatə edən həyat və fəaliyyəti uzun illər məxfi saxlanılıb. Onun anası 1959-cu ildə oğlu haqqında çap etdirdiyi xatirələrində yazıb ki, müharibə başlandıqdan dərhal sonra Türinqi dövlət qulluqçusu kimi Xarici İşlər Nazirliyinin Rabitə idarəsində işə qəbul etdilər. Onun işlədiyi yer əvvəlcə məxfi saxlanılırdı, sonralar London yaxınlığında yerləşən Bletçli-parkda çalışdığı məlum oldu.


http://www.comphistory.info/upload/timeline/1954/alan%20turing/bletchly.jpg
Bletçli-park
Bletçli-parkda kriptoqrafiya üzrə çox məxfi fəaliyyət həyata keçirilirdi. Orada həyata keçirilən iş məxfi "Ultra" layihəsi çərçivəsində aparılırdı. Layihənin məqsədi gizli alman şifrələrinin deşifrələnməsi metodlarının axtarılması idi. Vermaxtın ali baş komandanlığının, polis aparatının ən gizli əmrlərini şifrələmək üçün Almaniyada "Eniqma" elektrik şifrələmə maşınından istifadə olunurdu. Hələ ikinci dünya müharibəsinin əvvəlində polyak alimləri "Eniqma" maşınının oxşarını düzəltməyə nail olmuş və onu İngiltərəyə göndərmişdilər. Lakin açar və kommutasiya sxemi (almanlar bunları gündə üç dəfə dəyişirdilər) olmadan, hətta qəbuledici kimi əlavə 1 ədəd də "Eniqma" maşını olsa idi belə, informasiyanı deşifrə etmək çətin idi.


http://www.comphistory.info/upload/timeline/1954/alan%20turing/enigma.jpg
Eniqma maşını
Bletçli-parkda gizli şifrənin tapılması üçün görkəmli riyaziyyatçılar, şahmatçılar, krossvord həvəskarları, elmin müxtəlif sahələri üzrə yaxşı bilənlər, hətta iki musiqiçidən ibarət maraqlı mühit toplanmışdı. Alan Türinq 12 riyaziyyatçı və 4 dilçidən ibarət qruplardan birinə rəhbərlik edirdi. Onun və digər qrupların vəzifəsi alman məlumatlarının deşifrə edilməsi üçün müxtəlif xüsusi hesablama maşınlarının yaradılması idi. Qeyd etmək lazımdır ki, mücərrəd "Türinq maşını"nın parlaq ideyaları Bletçli-parkda yaradılmış real maşınlarda istifadə olundu. Onların arasında "Xit Robinson", "Piter Robinson", "Super Robinson" və s. var idi. Yaradıcılar arasında Türinqdən əlavə Uin Uilyams, Flauers və başqaları var idi. Bu maşınlar alman kodunun simvollarından mənalı məlumat alana kimi müxtəlif kombinasiyaların yoxlanılması prinsipi əsasında işləyirdi. 1942-ci ildə professor M.Nyumen elektron hesablama maşınının yaradılması üçün Bletçli-parka gəldi və burada mütəxəssislər qrupuna (T.Flauers, A.Kumbs, S.Broud-beyt, U.Çandler, İ.Qud, D.Miçi) rəhbərlik etdi. 1943-cü ilin dekabrında 2000 elektron lampadan ibarət "Koloss" adlı dünyada ilk elektron hesablama maşını yaradıldı.


http://www.comphistory.info/upload/timeline/1954/alan%20turing/colossus.jpg
Koloss elektron hesablama maşını
Bu maşında Alan Türinq təklif etdiyi kimi bir növ lent istifadə olunmuşdu. İnformasiyanı oxumaq sürəti saniyədə 5000 simvol idi (5 foto oxuyan qurğu istifadə edilmişdi). Maşın uyğunluq axtarışında şifrələnmiş məlumatları artıq məlum olan "Eniqma" kodları ilə müqayisə edirdi. Müharibənin sonuna qədər təxminən 10 "Koloss" maşını hazırlandı.
Türinq "Koloss" maşınının yaradılmasında bilavasitə deyil, konsultant kimi çıxış etmişdi, lakin İ.Qud etiraf etmişdi ki, Türinqin 1936-cı ildəki işi Nyumenə çox kömək etmişdi.
İ.Qud bir çox illər keçdikdən sonra bildirmişdi ki, mən demirəm ki, biz müharibəni Türinqin sayəsində udduq, lakin cəsarətlə deyə bilərəm ki, o olmadan biz uduza da bilərdik. Müharibə zamanı Alan Türinq Xarici İşlər Nazirliyindəki (Bletçli-park) işinə görə Britaniya imperiyasının IV dərəcəli Kavaler Ordeni ilə mükafatlandırılmışdı.
Müharibə dövründə Türinq ilə Con fon Neyman arasında baş tutmuş görüş indiyə qədər qaranlıq (aydınlaşdırılmamış) qalıb. Sonralar əfsanə adlandırılan bu görüşün mahiyyəti ondan ibarət idi ki, bu iki görkəmli riyaziyyatçının görüşü müasir kompüter texnikasının inkişafında həlledici rol oynadı. Türinqin 1943-cü ildə ən azı bir dəfə ABŞ-a getdiyi məlumdur, lakin bəziləri iddia edir ki, o, 1942-ci ildə də orda olub. O, Con Fon Neymandan əlavə, həmçinin Klod Şennon ilə də görüşmüşdü, lakin onlar, ehtimal ki hesablama maşını barəsində müzakirə aparmamışdılar. Bu görkəmli şəxslərin qarşılıqlı münasibətlərini, yəqin ki, hamıdan yaxşı S.Frenkel təsvir edib: "Bir çox insanlar Con fon Neymanı hesablama maşının "atası" elan etdilər, lakin mən əminəm ki, o, özü belə səhvi heç vaxt etməzdi. O, inadla mənə və başqalarına bildirirdi ki, fundamental konsepsiya Türinqə məxsusdur, belə ki bu konsepsiyanı nə Bebbic, nə Lavleys, nə də digərləri görə bilmişdi.
1945-ci ildə Kembric universitetində mühazirə oxumaqdan imtina edən Alan Türinq M. Nyumenin tövsiyəsinə əsasən Milli fizika laboratoriyasında (MFL) işləməyə başladı. Burada "Automatic Computing Engine" (ACE) hesablama maşınının layihələşdirilməsi və yaradılması qrupu təşkil olundu. Bu qrup mövcud olduğu 3 il (1945-1948) ərzində Alan Türinq "ACE"-nin ilk layihələrini yaratdı və onun qurulmasına aid bir sıra təkliflər irəli sürdü. Onun "ACE" haqqındakı hesabatı daha gec vaxta tarixləşdirilmişdi və Con fon Neymanın "EDVAC" haqqındakı məşhur layihə hesabatına əsaslanmışdı. Türinqin işi çoxlu konkret detallardan ibarət idi və saxlama proqramı ilə birlikdə kompüterin tam konsepsiyasına malik idi.
"ACE" haqqında hesabat Uomerslinin məktubu ilə birgə 1946-cı il martın 19-da "MFL"-in icra komitəsinə göndərildi. Məktubda qeyd edilmişdi ki, hesabatın "EDVAC" layihəsinə əsaslanmasına baxmayaraq, lakin ideyaların bir çoxu Türinqə məxsusdur. "ACE" layihəsinin ilkin variantına əsaslanan "Mosaic" adlı maşın tezliklə Çandler və Kumbs tərəfindən hazırlanmışdı.
1948-ci ilin sentyabrında Türinq Mançester universitetində işləməyə başladı. Kağız üzərində hesablama maşınları laboratoriyasının direktor müavini vəzifəsini tutmasına baxmayaraq, əslində M.Nyumenin riyaziyyat şöbəsində hesab olunurdu və proqramlaşdırmaya görə məsuliyyət daşıyırdı.
40-cı illərin sonlarında Mançester universitetində F.Uilyams və T.Kilburnun rəhbərliyi altında "Mark-1" hesablama maşını hazırlanırdı. 1948-ci il iyulun 21-də maşında 52 dəqiqəlik proqram icra edildi və hazırda "Mark-1" saxlama proqramı ilə fəaliyyət göstərən ilk kompüter hesab olunur.
M.Nyumen Mançester maşınının təkmilləşdirilməsi üzərində işləyərkən indeks registrini ilk olaraq ixtira etdi, Alan Türinq isə ilk proqramlaşdırma dərsliyini yazdı.
Türinq 40-cı illərin sonlarında "Düşünən" maşın problemi üzərində çalışıb. Bu problem hazırda "Süni intellekt" adı altında tam bir istiqamət kimi formalaşıb. Bir çox alimlər (xüsusən C.Sirl) Alan Türinqi süni intellektin banisi hesab edirlər. Onun "İntelligent Machinery" adlı ilk məqaləsi 1948-ci ildə "MFL"-in hesabatı formasında çıxdı, sonra isə 1950-ci ildə İngiltərənin "Mind" jurnalında onun "Computing Machinery and İntelligence" adlı əsas məqaləsi dərc edildi. Məqalə rus dilində "Может ли машина мыслить?" başlığı altında çıxmışdı.
Türinq məqalədə "maşın" və "düşünmək" kimi iki əsas anlayışı müzakirə edirdi. Əgər alimin birinci punkt üzrə düşüncələri yalnız onun müasirləri üçün aktual idisə, lakin Türinq tərəfindən hazırlanmış hesablama sistemlərinin şüurluluq meyarı hazırda da istifadə olunur.
O, elektron intellekti üzə çıxartmaqdan ötrü "imitasiya oyunu" təklif etdi. Oyunda əvvəlcə üç insan - kişi, qadın və hakim iştirak edir. Hakim digər ikisindən otağın divarları vasitəsilə ayrıdır və səsə görə tanımanı istisna etmək üçün hamı teleqraf rabitəsi vasitəsi ilə əlaqə saxlayır. Sual verənin məqsədi digər iştirakçılardan kimin qadın, kimin kişi olduğunu aydınlaşdırmaqdan ibarətdir. Qadın üçün oyunun məqsədi hakimə kömək etmək, kişi üçün isə onu çaşdırmaqdan ibarətdir.
Bu məqalənin dərc edilməsindən sonra bir çoxları Türinqə qarşı çıxdı. Xüsusilə kilsə nümayəndələri daha kəskin reaksiya verdilər; axı düşünən maşının mövcudluğu insan ağlının dərkedilməzliyi haqqında tezisi təkzib edirdi.
Türinqin ideyası elmi dairələrdə də yaxşı qarşılanmadı. Məsələn, professor Ceferson iddia edirdi ki, maşın yaratmaq qaydaları ilə deyil, şəxsi emosiyaları ilə sonet və ya musiqi əsəri yazmayanadək o, maşının şüurluluğuna inanmayacaq. Türinq buna özü cavab verərək bildirmişdi ki, heç də bütün insanlar sonet yaza bilmir, əgər "musiqi əsəri ürəklə yazılmış əsərdən fərqlənməyəcəksə, o zaman nə fərqi var?".
"Əgər insan ünsiyyəti psixokinezə və gələcəyi görmək qabiliyyətinə əsaslanıbsa, düşünən maşın yaratmaq mümkün olmayacaq - Türinq məqalədə yazırdı. Bu halda elm belə hadisələri öyrənməli və onların modelini hazırlamalıdır".
Bir çox həmkarları Türinqi qəribə xarakterli, qeyri-ənənəvi fikirli kimi xatırlayırlar. Onun qəribəlikləri haqqında əfsanələr gəzirdi. O, Kembricdə yaşayarkən saatını heç vaxt dəqiq vaxta qoymazdı, vaxtı müəyyən bir ulduzun mövqeyini təyin edib ağlında hesablayarmış.
Bletçli-parkda olarkən hər il iyunun əvvəlində onun güclü allergiyası olurmuş, belə olan halda isə o, işə velosipeddə, tozdan qorunmaq üçün əleyhqazla gələrmiş. Onun velosipedində problem var idi, belə ki müəyyən vaxtdan sonra sepi qırılırmış. Onu düzəltmək əvəzinə Türinq pedalın hər dövrəsini hesablayarmış ki, qırılma anı çatdıqda düşüb sepi düzətsin.
Bir dəfə Türinq ingilis funtunun kursunun düşdüyünü bildikdə, özündə olan gümüş qəpikləri əridib külçəni park ərazisində basdırmış, lakin sonralar hara basdırdığını unutmuşdu. O, yaxşı idmançı idi. Müharibədən sonra idmana ehtiyac hiss edən Türinq uzun məsafəyə qaçmış və bu, onda alınmışdı. Sonra o, 3 və 10 millik məsafəyə qaçış üzrə öz klubunda qalib gəlib, hər ikisində də rekord vaxta. 1947-ci ildə isə marafon qaçışında beşinci yeri tutub.
Ona hörmət edirdilər, çünki o, intellekt və orijinal fikirləri ilə seçilirdi. Onu anadangəlmə müəllim kimi xarakterizə edirdilər, belə ki istənilən məsələni həll və izah etməyə qadir idi.
Lakin 1952-ci ildə baş vermiş hadisə alimin parlaq karyerasına son qoydu. Belə ki həmin il Türinqin mənzilində oğurluq etmişdilər və araşdırma zamanı məlum oldu ki, bu hadisəni onun sevgilisinin dostu edib. Alan Türinq heç vaxt öz qeyri-ənənəvi cinsi oriyentasiyasını gizlətmirdi, lakin bildirmirdi də, çünki o illərdə Britaniya cəmiyyəti homoseksual münasibətlərə son dərəcə mənfi yanaşırdı.
1953-cü il martın 30-da məhkəmə prosesi oldu və Türinq homoseksuallıqda ittiham olundu. Ona seçim üçün 2 qərar təklif edilmişdi: ya 2 il müddətində həbsdə yatmaq, ya da hormonal terapiya. Alim ikinci qərarı seçdi.
Məhkəmənin nəticələri faciəli oldu: Alan Türinq kriptoqrafiya sahəsində işləmək hüququndan məhrum edildi və Mançester universitetindən çıxarıldı.
Türinq sağlamlığını bərpa etmək üçün daha çox ev üsullarından istifadə edirdi. O, "Kimsəsiz ada" adlı oyun fikirləşmişdi. Oyunun qaydası ondan ibarət idi ki, bütün kimyəvi məhsullar, (o cümlədən dərmanlar) məişət məhsullarından alınmalıdır. Bu halda isə o, sianlı kalium hazırlamış və onu qəbul etmişdi. 1954-cü il iyunun 8-də onu səhər yatağında ölmüş tapdılar. Türinqin bir neçə gündən sonra 42 yaşı olmalı idi.
Alan Metison Türinqin hesablama dünyasındakı xidmətləri çox böyükdür. Buna sübut olaraq, Hesablama texnikası Assosiasiyası (ACM - Association for Computing Machinery, 1947-ci ildə yaradılıb) onun adına mükafat təsis etdi. Türinq mükafatının ilk laureatı 1966-cı ildə Alan Perlis ("ALQOL"-un yaradıcılarından biri, "ACM"-in ilk prezidenti) olub. Sonralar bu mükafata görkəmli alimlər Con Bekus ("Fortran"-ın yaradıcısı), Con Makkarti ("LİSP"-in yaradıcısı, "süni intellekt" terminini praktikaya gətirən), Kennet Ayverson ("ALL" yaradıcısı), Herbert Saymon və Allen Nyuel (evristik proqramlaşdırmanın yaradıcıları) və digərləri layiq görülüblər.
Bir çox proqramlaşdırma dilləri Evklid, Paskal, Bebbic və digər dahi alimlərin adını daşıyır. 1982-ci ildə Toronto universitetinin alimləri Paskaldan daha güclü proqramlaşdırma dili yaratdılar və onu "Türinq" adlandırdılar.


Hiç yorum yok:

Yorum Gönder